Ön söz
Hörmətli oxucular!
«İQTİBASLAR» kitabının elektron versiyası qarşınızdadır. O, sizə prezident İlham Əliyevin dövlət quruculuğuna dair əsas məsələlər haqqında nə düşündüyü haqda məlumat əldə etmək imkanı verir. Burada Cənubi Qafqazın aparıcı ölkəsinin birinci şəxsinin demokratik proseslər, xarici siyasət, münaqişələr, təhlükəsizlik problemləri, terrorçuluqla mübarizə, iqtisadiyyat, dünya ictimaiyyətinə inteqrasiya, regional layihələr və s. haqqında ən vacib sitatları yer alır. Bu informasiya məhsulu həm yerli, həm də əcnəbi diplomatlar, politoloqlar, dövlət və ictimai xadimlər, analitiklər, alimlər, gənc mütəxəssislər və digərləri üçün Azərbaycan prezidentinin baxışları və prinsiplərinin toplandığı faydalı mənbədir.
Bu gün əminliklə demək olar ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Odlar Yurdunun regiondakı öncül mövqeyi bütün dünya ictimaiyyətinin diqqətini cəlb edir, iri Avropa dövlətləri ilə konstruktiv əməkdaşlıq perspektivlərini genişləndirir. Müasir suveren Azərbaycanın resurs və imkanları, geosiyasi proseslər və nəhəng iqtisadi layihələr dünya ictimaiyyətinin enerji və nəqliyyat təhlükəsizliyi maraqları ilə üst-üstə düşür. Bütün bunlar isə ölkənin qlobal proseslərdəki rolunu artırır, politoloq və ekspertlərin marağına səbəb olur. Azərbaycan inkişaf etdikcə, onun barəsində məlumatlara da tələbat artır. İnternetdə və çap mətbuatında Azərbaycanın geosiyasi statusu, onun seçdiyi siyasi və iqtisadi inkişaf vektorları barədə analitik materialların sayının günbəgün artması da məhz bununla bağlıdır.
Lakin bir çox hallarda belə tədqiqatlar subyektivlikdən, təhrif olunmuş fikirlərdən və yanlış mülahizələrdən zərər çəkir. Subeyktiv ekspert rəylərilə yanaşı, bu və ya digər məsələ ilə bağlı reallıqdan uzaq olan müxtəlif jurnalist şərhlərinə və ehtimallarına da rast gəlinir. Kitab informasiya məkanının sistemləşdirilməsi, Azərbaycan prezidentinin dəqiq fikirlərini birinci ağızdan geniş ictimaiyyətə çatdırılması məqsədilə hazırlanıb.
Şübhəsiz ki, analitiklər üçün ən yaxşı mənbə, dövlətin birinji şəxsinin mövqeyi, onun səsləndirdiyi arqumentlər, plan və perspektivlərdir. Beləliklə, yaşadığımız həyat özü "İlham Əliyevdən "İQTİBASLAR": Azərbaycan Prezidenti dövlət quruculuğunun əsas istiqamətləri haqqında" kitabının yaranma zərurətini üzə çıxardı. Kitabda prezident İlham Əliyevin ən vacib bəyanatları və xüsusi diqqət cəlb edən sitatları siyasi redaktəsiz və şərhsiz dərc edilib. Burada dünyanın maraqları kontekstində Azərbaycanı narahat edən bütün problemlərlə bağlı dövlət başçısının fikirləri əksini tapıb. Oxucu Azərbaycan prezidentinin xarici siyasət və iqtisadiyyat prioritetləri, geosiyasi və geoiqtisadi layihələr, münaqişələrin həlli prinsipləri, demokratiya və insan haqları məsələlərinə baxışı, dünya birliyinə inteqrasiya, sabitlikdən inkişafa keçid proqramı və bir çox digər məsələlərlə tanış olmaq imkanı qazanır.
Bu toplu Azərbaycanı dünyada gedən qlobal proseslər kontekstində tədqiq etmək istəyənlər üçün qiymətli mənbə və stolüstü kitaba çevriləcək. Burada ölkənin regional əhəmiyyətini, inkişaf templərini, iqtisadi və sosial inkişafını araşdırmaq niyyətində olan xarici diplomatlar, politoloqlar, alimlər, tələbələr üçün çox qiymətli və əhatəli materiallar əksini tapıb.
Tədris vəsaiti funksiyalarına malik olan bu kitabda prezident İ.Əliyevin çıxışları tematik bloklarla verilib ki, bu da məlumat axtarışını, araşdırmanı və müqayisəli təhlili asanlaşdırır, bu və ya digər mövzunun inkişafını ardıcıl şəkildə izləməyə imkan verir. Azərbaycanın inkişafının vajib mərhələlərini əhatə edən bu nəşr suveren ölkəmizin tarixşünaslığına əvəzsiz töhvələr verəcək.
Həyat davam edir. İldən-ilə XXI əsrin Azərbaycanının qurulması istiqamətində irimiqyaslı layihələr uğurla həyata keçirilir. Prezident İlham Əliyevin Azərbaycanın uğurları, inteqrasiya prosesləri, ölkənin siyasi, sosial-iqtisadi həyatına dair müxtəlif məsələlər haqqında yeni fikirləri saytın müvafiq tematik bloklarında sitat şəklində yerləşdiriləcək.
Fuad Axundov